Alov və incəsənətin rəqsi: “Italdizain” şirkətinin təqdimatında “Lladro” – Azərbaycanlı rəssam əməkdaşlığı
Möhtəşəm çini sənətkarlığın təcəssümü olan “Lladro” brendi Azərbaycanın istedadlı rəssamı Elnarə Nəsirli ilə bir araya gələrək öz tarixində yeni səhifə açmış oldu. Bu əməkdaşlıq müəyyən mənada iki mədəniyyət və ənənənin görüşüdür və burada hər bir detal müasir incəsənət dialoqunun rəmzinə çevrilir.
Azərbaycanlı rəssamı ilə ispan brendi arasında bu yaradıcı alyansın təşəkkülündə “Italdizain” şirkətinin fəal iştirakı mühüm rol oynamışdır. Şirkətin istedadlı rəssam ilə əməkdaşlığının təməli “Lladro” brendinin 70 illik yubileyinə həsr olunmuş tədbir zamanı qoyulmuşdur və məhz həmin tədbirdən sonra “Italdizain” şirkəti Elnarə Nəsirli ilə “Lladro” manufakturası arasında birgə layihə təşəbbüsünü irəli sürmüşdü.
Rəssamlıq məktəbinin məzunu olan Elnarə Nəsirli Azərbaycanın müasir incəsənət səhnəsində yeni parlayan ulduzdur. O, həm də multisensor reallıq yaratmaq üçün səs, vizual effektlər və interaktiv elementləri özündə birləşdirən immersiv “Fluxus Frequency Collective” sərgisinin təsisçisidir. Onun bu layihədə iştirakı “Origami” kolleksiyasından olan “Panthere” heykəlciyinə yeni rəng və emosiyalar əlavə edib. Öz vətəni Azərbaycandan, daha dəqiq desək, Abşeron yarımadasının ən heyrətamiz təbiət abidələrindən biri olan və bir neçə minilliklərdir ki, yamacında alov dilləri şölə saçan Yanardağdan ilham alan rəssam bu kompozisiyasında Şərq mədəniyyətinin ruhunu təcəssüm etdirib.
Elnarə qeyd edir ki: “-Mən həm işıqda, həm də qaranlıqda şölə saçan alov obrazını yaratmaq istədim”. Elnarə ultrabənövşəyi şüa altında işıldayan xüsusi boyalardan istifadə edərək panter fiquruna vizual sehr elementləri əlavə edir və heykəlciyi təbii alovun əksinə çevirərək, qaranlıqda işıq-kölgə oyunu yaradır. “Panthere” rəng kompozisiyasının konsepsiyası Azərbaycan mədəniyyətinin zənginliyini əks etdirir və özü ilə yeni ideya və yaradıcı yanaşma gətirməklə, “Lladro” manufakturası və Azərbaycanlı rəssam arasındakı əməkdaşlığın incəsənətə necə təsir etdiyini göstərir.
“Panthere” heykəlciyi qədim Yapon incəsənətinin əsasını təşkil edən və həndəsi xətlər vasitəsilə heyvanlar aləmini öyrənən “Origami” kolleksiyasının bir hissəsidir. Bədii üsulların vəhdəti çini məhsul vasitəsilə ifadə olunan müasir yaradıcılığa səbəb olur. Bu kolleksiyadakı bütün məmulatlar kağızı büküb-qatlamaqla yaranan həndəsi fiqurların möhtəşəm heykəltəraşlıq nümunələrinə və dekorativ əşyalara çevrildiyi ənənəvi Yapon oriqami sənətinin müasir və innovativ təfsiridir.
“Lladro” - Elnarə Nəsirli əməkdaşlığı iki istedadı birləşdirməklə yanaşı, çini məhsul sənətində Şərq ilə Qərbi də bir araya gətirdi. Beləliklə, “Origami” kolleksiyasının “Panthere” heykəlciyi bizi füsunkar mədəni mübadilə və yaradıcı ilham dünyasına aparan bədii körpüyə çevrilmiş oldu.
Novruz Bayramı ərəfəsində və bu qədim bayramın əlamətdar günlərindən biri olan Od Çərşənbəsində Four Seasons Hotel Bakıda “Panthere” heykəlciyinin ilk təqdimatı keçiriləcək. Sözügedən otel artıq həm yerli ənənələri, həm də incəsənəti ehtiva edən əməkdaşlıq layihələri üçün müstəsna məkana çevrilir. Çərşənbə axşamı martın 5-də Four Seasons Hotel Bakıda Yanardağın alovlarından ilham almaqla hazırlanmış “Panthere” heykəlciyinin eksklüziv təqdimatında siz də iştirak edin. Sərgi oteldə başa çatdıqdan sonra ziyarətçilər bu sənət əsərinin alovlu enerjisindən “Lladro” butikində zövq ala biləcəklər. “Italdizain” şirkəti Azərbaycanda “Lladro” brendinin eksklüziv təmsilçisidir.
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, 28 May küçəsi 7A.
Telefon: +994 (12) 498-00-53.
“Lladro” brendi və onun kolleksiyaları haqqında daha ətraflı məlumat üçün bu linkə keçid edin
“Lladro” brendi haqqında
Bütün dünyada çini məhsul istehsalının liderlərindən olan “Lladro” fabriki 1953-cü ildə İspaniyanın Valensiya şəhərində Xose, Xuan və Vinsent Lladro qardaşları tərəfindən yaradılmışdır. Yaradıcılıq fəaliyyətinə güldan və bardaqların rənglənməsi ilə başlayan Lladro qardaşları çini məmulatların yandırılması üçün ilk soba yaratmaqla yanaşı, həm də formaların harmoniyası ilə seçilən özünəməxsus üsluba imza atmışlar. 1956-cı ildə onların emalatxanası çini heykəlciklərin istehsalına başlamaq üçün öz profilini tamamilə dəyişdirdi və o vaxtdan bəri bu manufakturanın yaratdığı hər bir heykəlcik özündə tarixin ruhunu və bədii ifadə şövqünü daşıyır. “Lladro” manufakturası heykəlciklərdən tutmuş işıqlandırmaya qədər, eləcə də ev aksessuarlarından başlayaraq zinət əşyalarına kimi müasir, dəbli və eksklüziv həyat tərzinin rəmzi olan bir brenddir.