"Daum" yeni "Or d’Abeille" kolleksiyasını təqdim edir

"Daum" yeni "Or d’Abeille" kolleksiyasını təqdim edir

Bədii büllur üzrə Fransa brendi pətəyin gözəlliyini vəsf edir və öz əfsanəvi simvollarından birini yenidən şərh edir 


"Daum" "Or d’Abeille"i – arı obrazından, pətəkdən və çox qəliz "pâte de cristal" üsulu ilə ərsəyə gətirilmiş qızçiçəyi güllərindən ilhamlanmış kolleksiyanı təqdim edir. "Daum" ustaları təbiətin möhtəşəmliyinə dair dialoqu, praktiki olaraq, manufakturanın 1878-ci ildə Nansidə təsis edildiyi andan etibarən aparırlar.  Arı "Daum"un büllur bağçalarının qanadlı kraliçası və brendin ustalarının yaradıcılıq və ilhamının parlaq simvoludur. İşığın müjdəçisi və usanmaz əməksevər olan arı fransız brendinin kolleksiyalarında 1901-ci ildən mövcuddur. Onun obrazı təbiətin harmoniyasına, səxavətinə, bolluğuna heyranlığı ehtiva edir ki, bu xüsusiyyətlər də "Daum"un zərif heykəltaraşlıq kompozisiyalarında öz əksini tapır. Fransız dilindən tərcümədə "arı qızılı" mənasını verən "Or d'Abeille" – bu büllur ölkənin kraliçası şərəfinə müasir oda. 

Dizaynerlər brendin tarixi irsini yeni, müasirlik nöqteyi-nəzərindən şərh edərkən məhsulların vizual estetikasında ar-nuvo və ar-deko bədii kodlarını orqanik şəkildə uyğunlaşdırırlar. Rəng, işıq və formanın vəhdət təşkil etdiyi materiala innovativ yanaşma və yüksəksəviyyəli ustalıq sayəsində bütün dünyada tanınmış "Daum"un şərəfli irsi aktual yaradıcı təsəvvürlə ahəng yaradır. 

Arı pətəyi və gül dəstəsi obrazlarından ilhamlanmış möhtəşəm "maqnum" güldanı 99 ədədlik məhdud tirajla istehsal edilib. Manufaktura ustaları bu əzəmətli kompozisiyanın yaradılmasına 755 saatlıq məşəqqətli əmək sərf ediblər. Güldanın rəvan xətləri fonunda güllərin relyef təsviri daha aydın sezilir, ləçəklər arasında isə süjeti vəcdə gətirən və ona canlı nəfəs bəxş edən qızılı arılar gizlənib. Çalarların zərif sayrışması sübh səmasının incəliyi və səhər günəşinin yay çəmənliyinə düşən şüaları ilə assosiasiya yaradır. 

Böyükölçülü güldan ar-deko arxitekturasına və 1920-ci illərə istinad edən cəsarətli xətlərə malik həndəsi silueti ilə diqqəti öz üzərinə çəkir, çiçək motivləri və şanlar isə XX əsrin əvvəllərinə xas ar-nuvo estetikasını xatırladır. İki bədii cərəyan arasındakı dərin dialoq "Daum" brendinin vizit kartına çevrilib. Nansidəki ustalar bu əsərin yaradılmasına 310 saat vaxt sərf ediblər. Bal narıncısı və çiçək çəhrayısı çalarları arasında incəliklə seçilmiş rəng palitrası günəş altındakı nektarın və ləçəklərin isti çalarlarını xatırladır. Bu kompozisiyanın mərkəzində üzərinə əl ilə zərvərəq çəkilmiş qızılı arı qiymətli bir emblem kimi parlayır. Bu güldanda irs və innovasiyalar, həndəsə və poeziya mahir şəkildə ahəng təşkil edir. 

Böyükölçülü güldan, eynilə yuxudan oyanan təbiəti vəsf edən bir himn kimi, öz zərif əyrilərini yay günəşinin ilk şüalarını xatırladaraq açıq-çəhrayıdan parlaq narıncıya qədər incə bir qradiyentdə nümayiş etdirir. Arı pətəyini təsvir edən altıbucaqlı həndəsi fiqurlardan tutmuş arıların içində zərafətlə gizləndiyi qızçiçəyi buketinə qədər hər bir qravürlənmiş detal son dərəcə simvolikdir. Bu kompozisiyanı əl ilə dəyərli zərvərəq çəkilmiş üç qızılı arı bəzəyir. 

Ortaölçülü "Or d’Abeille" güldanı zərif buketlə əhatələnmiş bal küpü obrazından ilhamlanıb. Bu kompozisiyanın yaradılması üçün ustalardan 283 saatlıq əmək tələb olunub. Bu zərif kompozisiya təbiətin sadə, eyni zamanda misilsiz sevinclərini – balın şirinliyini, gül ləçəklərinin təmizliyini, tozcuq yığmağa uçan arıların xəfif vızıltısını vəsf edir. Hər bir detal harmoniya və dinclik dolu hekayədən söz açır. 

Dekorativ "Or d’Abeille" qabı öz təbii gözəlliyinin bütün füsunkarlığı ilə açmış çiçək obrazından ilhamlanıb. Çalarların zərif və incə palitrası solğun çəhrayı ilə qızılı narıncı arasında dəyişir. Yarımşəffaf tekstura yüngül yay işıltısının heyranedici effektini yaradır. Dekorativ qab – təbiətin səxavətini vəsf edən poetik oda. Onun kəhrəba çalarlı, teksturalı özəyi arıları özünə cəlb edən qiymətli nektarı xatırladır. Ləçək kənarındakı balaca arı – təbiətin harmoniyasının səsləndiyi melodiyada qüsursuzcasına dəqiq bir not. Fransız ustalarının işi təbiətə özünəməxsus bir bəxşişi simvolizə edir. Bu, təbiətin gözəlliyi, bərəkəti və bolluğuna görə insanın duyduğu minnətdarlıq əlamətidir. Məhz bu büllur heykəl "Or d'Abeille" kolleksiyasının ruhunu və estetik mesajını özündə büsbütün təcəssüm etdirir: xəyalpərəstlik, zəriflik, təbiətin bəxş etdiklərinə heyranlıq. 

"Daum"un büllur təbiət aləmində harmoniya, zərafət, eləcə də həm baxışları, həm də ürəyi qızdıran xüsusi isti parıltı hökm sürür. Fransız ustalarının qayğıkeş əlləri ilə ərsəyə gətirilmiş dekorativ art-obyektlərdə bitkilərin və canlıların gözəlliyi meydana çıxır. İncə kompozisiyalar bizim üçün təbiətin mükəmməlliyindən bəhs edən obrazları sanki kristallaşdırır və qoruyub saxlayır. Onlara heyranlıqla baxmaq insanın daxili kamertonunu kökləyir. 

Hər çiçəyin qızılı özəyi nektarı, günəşin istisini və təbiətin səxavətini xatırladır. "Or d'Abeille" kolleksiyasının heykəltaraşlıq ruhunda çiçək kompozisiyaları nəinki masada bir bəzək olacaq, həmçinin evdə yüksək əhvali-ruhiyyəli, xoş və isti ab-hava yaradacaq. Arı – zərif təbii aləmin əsl hökmdarı və büllurda təcəssüm etdirilmiş poeziyanın simvolu olan "Daum"un dəyərli emblemi. 

"Pâte de cristal" kimi çox qəliz üsulla və əl ilə ərsəyə gətirilmiş hər bir məhsulun hazırlanması üçün yüzlərlə saatlıq əmək tələb olunur. "Büllur pasta" termini altında məşəqqətli və filiqran iş gizlənir: əridilmiş mum model üzrə tökmə zəngin çalarlardan ibarət palitraya, xarakterik şəffaflıq və fakturaya malik əsərlər yaratmağa imkan verir. Heykəltaraşlıq kompozisiyaları sənətkarlığın mükəmməl səviyyəsini nümayiş etdirən art-obyekt statusunu əldə edir. Brendin tarixində müasir dövrün, aralarında Salvador Dali, Jan Kokto, Arman, Filip Stark olmaqla, görkəmli rəssam və dizaynerləri ilə 350-dən artıq əməkdaşlığın qurulması yer alır. 

"Daum"un "Or d’Abeille" kolleksiyası 28 May küç., 5A ünvanında yerləşən "Ambiance" butikində təqdim edilir. Əlaqə nömrəsi: +994 (12) 498-62-94 

Brendin Azərbaycandakı rəsmi distribütoru "ITALDIZAIN" şirkətidir. "Daum" brendi və onun kolleksiyaları barədə daha çox məlumatı https://italdizain.az/az/brands/daum veb-saytında tapa bilərsiniz.